2024-cü il iyulun 1-nə Özbəkistanda daimi yaşayanların sayı 37 milyon 134 min nəfər olub.
Hafta.az-ın yazdığına görə, bu barədə Özbəkistan Statistika İdarəsi məlumat yayıb. Qeyd olunur ki, əhalinin 18 milyon 696 min nəfəri kişi, 18 milyon 437 min nəfəri qadındır. Ölkənin şəhər əhalisi 18,9 milyon nəfər, kənd əhalisi isə 18,2 milyon nəfərdir.
İdarənin məlumatına görə, respublika əhalisinin orta yaşı 28,5 olub. Müqayisə üçün qeyd edək ki, 2014-cü ildə əhalinin orta yaşı 27,3 idi.

Özbəkistanda əmək qabiliyyətli yaşda olan vətəndaşlar ümumi əhalinin 56,4 faizinə bərabərdir. Eyni zamanda, 32 faiz əmək qabiliyyətli yaşdan kiçik, 11,6 faiz əmək qabiliyyətli yaşdan yuxarıdır.
Əhalisinin sayına görə Səmərqənd vilayəti birincidir. Burada 4 milyon 249 min nəfər yaşayır. Bu, Özbəkistanın bütün əhalisinin 11,4 faizi deməkdir. Fərqanə (4,1 milyon nəfər), Kaşkədərya (3,6 milyon nəfər), Əndican (3,4 milyon nəfər) və Namanqan (3,1 milyon nəfər) əhalisi ən çox vilayətlərdir.
Sırdərya rayonu daimi əhalinin ən aşağı nisbətinə malik vilayətdir. Burada 922,1 min nəfər yaşayır. Nəvaidə 1,1 milyon nəfər, Cizzaxda 1,5 milyon nəfər, Xorəzmdə 2 milyon nəfər və Qaraqalpaqıstan 2 milyon nəfər yaşayır.